Fransanın Ermənistandakı səfiri Conatan Lakot növbəti dəfə Ermənistanda revanşizm tərəfdarlarını həyəcanlandıra, regionda yaranmış yeni reallıqlara və sülh prosesinə xələl gətirə biləcək açıqlama verib.
O, ölkəsinin Ermənistanın müdafiə sahəsində müraciətlərinə baxmağa hazır olduğunu bildirib, dolayısı ilə növbəti dəfə təcavüzkar ölkəyə hərbi yardım təklif edib.
Sosial şəbəkənin erməni seqmentində geniş müzakirə mövzusuna çevrilən açıqlama erməniləri o qədər həyəcanlandırıb ki, onlar artıq ölkə rəhbərliyindən Fransanın yardım təklifini qəbul etməyi tələb ediblər. Hətta Lakotun iki ölkənin eyni hərbi alyansda olmaması barədə xatırlatması da, revanşizm tərəfdarlarını sakitləşdirə bilməyib. Onlar Ermənistanın Fransa ilə eyni alyansa meyl etməli olduğunu bildiriblər.
Göründüyü kimi, fransız səfirin bu açıqlaması yalnız sülhü qəbul etməyən, revanşizm tərəfdarlarının dəyirmanına su töküb. Fransa isə bununla bir daha regionda sülh və sabitliyin yaranmasında maraqlı olmadığını ortaya qoyub.
Fransanın Azərbaycana qarşı qərəzli yanaşmasının arxasında dayanan maraqları təxmin etmək o qədər də çətin deyil. Lakin burada maraqlı məqamlardan biri Fransanın Ermənistanı “himayə” etməsinin ilk növbədə İrəvanın özü üçün zərərli olmasıdır. Müharibədən rüsvayçı məğlubiyyətlə çıxmış və Azərbaycan kimi qüdrətli bir dövlətlə ayaqlaşmaq imkanlarına ümumiyyətlə sahib olmayan Ermənistanda bəzi dairələrdə Fransa səfirinin açıqlaması ümid yeri olaraq görünür. Rüsvayçı məğlubiyyətin şokundan ayılmayan ermənilər bunu bir şans kimi görməyə çalışır. Ancaq onların anlamadığı bir şey var – o da qarşılarında qüdrətli Azərbaycan dövlətinin varlığıdır. Bu yumruq kimi birləşən qüdrətli dövlət-müzəffər komandan-qalib xalq triosu isə hazırda regionun gələcəyində əsas söz sahibidir. Hər-hansı düşünülməmiş addım, təxribat isə yenidən bu qüdrətli birliyin zərbəsi ilə növbəti rüsvayçılıqlara gətirib çıxara bilər.
Əgər ermənilər yeni reallıqları qəbul etmək əvəzinə, boş xülyaların arxasınca qaçacaqsa, o zaman bunun ağır nəticələrini də nəzərə almalıdırlar. Çünki tarixi xəyanət, soyqırımı, talanlarla dolu Fransanın sonuna qədər Ermənistanın yanında olacağını gözləmək də ən azı sadəlövhlükdür...
Fransanın canfəşanlığının səbəbi isə regionda söz sahibi olmaması, siyasi proseslərdən kənarlaşdırılmasıdır. Ermənistanı qızışdıraraq regiondakı sabitliyə xələl gətirmək cəhdlərinin arxasında bu kənarlaşdırılmanın yaratdığı qəzəb dayanır.
Fransa isə unutmamalıdır ki, bu gün regiondakı proseslərdə söz sahibi olmamasının səbəbi məhz özüdür. Danışıqlar prosesi dalana dirənəndə susan, heç bir yeni təşəbbüslə çıxış etməyən, işğalçıdan hesab sormayan “həmsədr” kimi yadda qalan Fransa Azərbaycanın tarixi ədaləti öz gücü ilə bərqərar etməsindən sonra, indi də vəziyyəti gərginləşdirməklə özünü regiondakı proseslərə daxil etməyə çalışır.
İstənilən halda Fransanın anlamsız çırpınışları və Ermənistanda bəzi dairələrin buna ümid yeri kimi baxması elə onların özlərinə zərər verəcək. Azərbaycan isə artıq özünə qarşı heç bir oyunun oynanılmasına, bərpa olunan tarixi ədalətin bir daha pozulmasına imkan verməyəcək!
Azərbaycan dövləti, onun lideri və xalqı bu cür cılız təxribatlara istənilən an layiqli cavab verməyə hazırdır. Fransanın “hərbi yardımı” və ermənilərin revanşizmlə alışıb-yanan qəlbləri isə bu qüdrətin qarşısında aciz qalmağa sadəcə məhkumdur...
Sonda bir tövsiyə edək: Nəbadə xam xəyallara qapılıb, bu xəyalların əsirinə çevriləsiniz, çünki sonda “xəyallarınız” da, “hərbi yardım”ınız da Bakıdakı “Hərbi Qənimətlər Parkı”nda eksponata çevrilə bilər.
//oxu.az