ABŞ-ın Kaliforniya ştatının vitse-qubernatoru Eleni Kunalakis iyulun 21-də Azərbaycanın Baş Konsulluğu qarşısında erməni daşnakları tərəfindən dinc azərbaycanlılara qarşı həyata keçirilən vəhşilikləri pisləyən bəyanatla çıxış edib.
Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
E.Kunalakis açıqlamada Baş Konsulluq qarşısında həyata keçirilən nümayişin zorakılığa çevrilməsi və insanların yaralanması ilə nəticələnməsindən məyus olduğunu bildirib.
O, hər kəsin öz fikrini ifadə etmək azadlığına sahib olduğunu, ancaq başqalarına qarşı zorakılığın yolverilməzliyini vurğulayıb.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev E.Kunalakisə sözügedən hadisə zamanı Azərbaycan icmasının üzvlərinə qarşı törədilmiş vəhşilikləri pislədiyi üçün təşəkkürünü bildirib. Baş konsul qeyd edib ki, bu cür vəhşiliklərə nə Kaliforniyada, nə də digər yerlərdə yol vermək olmaz.
Qeyd edək ki, erməni daşnaklarının Los-Ancelesdəki bu zorakılığından sonra baş konsul N.Ağayev bir sıra yerli rəsmiləri bu haqda dərhal məlumatlandıraraq, onları zorakılığı pisləməyə çağırmışdı.
2019-cu ilin yanvarından Kaliforniya vitse-qubernatoru kimi çalışan E.Kunalakis ştatda bu vəzifəyə seçilən ilk qadındır. O, həmçinin, 2010-2013-cü illərdə ABŞ-ın Macarıstanda səfiri vəzifəsində çalışıb.