Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) baş katibi Altınbek Mamayusupov mülki əhalinin də ölümü ilə nəticələnən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının sərhəd yaşayış məntəqələrinin atəşə tutulmasını şiddətlə qınayıb.
Assambleyadan Report-a verilən məlumata görə, baş katib qeyd edib ki, TÜRK PA-nın bəyannamələrində dəfələrlə təsbit edildiyi kimi Parlament Assambleyasının üzv ölkələri Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qısa bir zamanda həllini qətiyyətli şəkildə dəstəkləyir.
Baş katib son hadisələr zamanı həyatını itirən Azərbaycan silahlı qüvvələri hərbçilərinin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığını bildirib.