Müğənni Emin Ağalarov yanvar ayının sonu, fevral ayının əvvəlinə planlaşdırılan ABŞ və Kanadaya qastrol səfərlərini təxirə salıb
Azərbaycanın Xalq artisti bu haqda “Instagram” səhifəsində yazıb.
“Əziz dostlarım, mən bu ismarıcı yazmaq istəməsəm də, yaranmış şəraitin “əsiri olmuşam” və buna görə ABŞ və Kanadaya planlaşdırdığım turu təxirə salmağa məcburam. Təəssüflər olsun ki, bunu istəməsəm də belə alınıb.
Biz bu turu bir il əvvəl planlaşdırmışdıq və çox istəyirdik ki, hamı üçün konsert verək. Bilet almış hər bir kəsdən səmimi qəlbdən üzr istəyirəm. Gözlənilən bütün dəyişikliklər haqqında sizə yaxın zamanda məlumat verəcəyik”, -deyə Emin “Instagram” səhifəsində yazıb.
“CNN”nin məlumatına əsasən, müğənninin ABŞ və Kanada turnesini təxirə salmasına səbəb, onun nümayəndəsinin Amerikanın xüsusi prokuroru Robert Müller və Konqress komitələri ilə razılığa gələ bilməməsi olub.
Eminin vəkili Skott Balber “CNN” telekanalına müsahibəsində planlarda baş verən dəyişikliyi Müllerin aparatı və Konqres nümayəndələri ilə aparılan konsultasiyaların uğursuzluğa düçar olması ilə əlaqələndirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Demokratik partiyasının nümayəndələri Eminin Rusiyanın ABŞ seçkilərinə müdaxilə etmək cəhdlərində iştirak etdiyi iddiasını irəli sürüb.