84 yaşlı amerikalı aktyor Con Voight Qəzza zolağının mülki əhalisinə dəstək verən qızı, Ancelina Colini tənqid edib. O, videonu İnstaqramda paylaşıb.
Con Voight İsrail ordusunun tərəfini tutub.
Voight böyük ABŞ bayrağının fonunda göründüyü videoya "Həqiqət və yalan" başlığını yazıb.
"Mən çox məyus oldum ki, mənim qızımın da bir çoxları kimi Allahın izzəti, Allahın həqiqətləri haqqında heç bir təsəvvürü yoxdur. Söhbət Allahın torpağının, Müqəddəs Torpağın tarixinin məhv edilməsindən gedir” - deyə aktyor İsrail və HƏMAS münaqişəsi ilə bağlı fikirlərini bildirib.
Münaqişənin hər iki tərəfində mülki insanları müdafiə edən Ancelina Colinin atası "İsrail ordusu öz torpağını, xalqını müdafiə etməlidir. Bu, müharibədir" deyib.
"İsrailin günahsız insanları qətlə yetirməsi tamamilə yalandır. Hər kəsi İsrailin fələstinli uşaqları öldürdüyünü düşünməyə vadar etmək əslində HƏMAS-ın planıdır. Siz axmaqlar isə problemin səbəbkarı İsraildir deyirsiniz?" – deyə 84 yaşlı Con Voight ritorik şəkildə soruşub.
Maraqlıdır ki, aktyorun İnstaqramda cəmi iki videosu və 37 min abunəçisi var.