“Məni öldürmək istədilər, yalandan xəbər düzəltdilər ki, guya vəfat etmişəm. Zeynəb hələ ölməyəcək. Anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm”.
Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Zeynəb Xanlarova deyib.
Ötən gün vəfat xəbəri yayılan Z.Xanlarova məsələ ilə bağlı bunları bildirib:
“Məni allahım, xalqım daim yaşadacaq. Mənə də indi bu xəbərlər haqda dedilər. Zeynəb xalqını, millətini, dövlətini çox sevir və hər zaman da bu sevgiylə yaşayacaq. Özümü çox əla hiss edirəm. Hətta əladan bir az da yuxarı (gülür). Bu xəbərlər məni öldürmür, əksinə ömrümü uzadır, yaşadır. Mənim üçün pis adam yoxdur, çünki özüm pis deyiləm. Allah yazanlardan da, yazmayanlardan da razı olsun. Allah bunu yazanlara 100 il ömür versin. Mərhum anam hər zaman deyərdi ki, sən 120 il yaşayacaqsan”.
Xalq artisti qeyd edib ki, xəbəri eşidəndə çox təəccüblənib:
“Səhərə yaxın yuxudan oyandım. Oyanan kimi bu xəbəri eşitdim təccübləndim. Gör, Azərbaycan xalqı məni nə qədər çox istəyir ki, onların dillərindəyəm, ağıllarındayam. İstəməzdim haqqımda belə sözlər yazılsın. Mən hələ indiyə qədər heç bir həkimin yanına getməmişəm. Yəni heç bir xəstəliyim yoxdur”.