Hərbi çağırışçılar və hərbi vəzifəlilər üçün elektron kabinet yaradılacaq.
Bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, elektron kabinet vasitəsilə verilən məlumat çağırışçıların və hərbi vəzifəlilərin gücləndirilmiş elektron imzası ilə təsdiq edildikdən sonra Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndəriləcək.
Həmçinin, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.
Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən çağırışçı məlumatlandırılmış hesab olunacaq.
Çağırışçı barəsində rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası tərəfindən qəbul edilmiş qərar üç gün ərzində onun elektron kabinetinə yerləşdiriləcək, bu mümkün olmadıqda isə digər vasitələrlə göndəriləcək.