“Report”un Cənub Mərkəzinin əməkdaşı bu dəfə 24 yaşlı qazi Nurlan Əsədzadənin yaşadığı ünvanda olub.
Nurlan Əsədzadə Lənkəran rayonunun Göyşaban kəndində doğulub. Orta təsilini aldıqdan sonra hərbi xidmətə gedib. Xidmətdə olarkən Xüsusi Təyinatlı olmaq üçün müsabiqədən keçib. 600 nəfər arasından seçilən 18 nəfərdən biri olub. 4 il Xüsusi Təyinatlı Qoşun hissəsində xidmət edib. Aprel döyüşlərinin fəal iştirakçılarından olub. İlk dəfə də Talış kəndinin azad olunması istiqamətində aparılan hərbi əməliyyatlarda kontuziya alıb, iki il yaddaşını itirib.
Nurlan uzun müddət müalicə aldığı üçü ordudan tərxis olunur. Lakin bu ilin iyun ayında yenidən könüllü olaraq orduya yazılır. Sentyabrın 27-də Fizuli rayonu istiqamətində əks-hücum əməliyyatlarına qoşulur. Nurlanın xüsusi təyinatlı qoşun hissələrində xidməti zamanı əldə etdiyi hərbi bilik və bacarıqlar Vətən Müharibəsi günlərində də özünün, eləcə də onlarla döyüşçü yoldaşının çətin anlarda köməyinə çatıb.
Qızğın döyüşlərin 16-cı günü qəfildən bunkerdən çıxan zaman tankla üz-üzə qalıb. Atılan mərmi yaxınlığında partlayıb. Həmin hadisəni Nurlan belə xatırlayır:
“16 gün döyüşdük. Merlinli kəndini ələ keçirdikdən sonra bir-iki gün orada mövqelərimizi möhkəmləndirdik. Bilirdik ki, qarşıdakı düşmən nəzarətində olan kənddə ermənilərin tank bölüyü yerləşir. Bölükdə də azı 10 tank olur. Ərazidə tankların olması ilə bağlı komandanlığa məlumat verdik. PUA-lar vasitəsilə tankların 5-ni məhv etdilər. Növbəti 5 dənə hələ də axtarışda idi. Onlar tankları tunellərdəki bazalarında yerləşdirmişdilər. Bazalar açılır, tanklar çıxaraq atış icra edirdilər. Həmin vaxtı düzünə atış icra edəndə bizim yerləşdiyimiz yeri vurdular. O vaxt biz yaralandıq.”
Vətən naminə düşmən önündə dik duran qeyrətli oğullarımız, sağlıqlarını itirsələr də yenidən ayağa qalxır. Bu dəfə sevdiklərini yaşatmaq üçün!