“Hospitala minaya düşən, yaralanan əsgərlər daxil olurdular, heyfsləndikləri o idi ki, niyə yaralanıb döyüşdən aralı düşüblər. Deyirdilər ki, məni təcili sağaldın, döyüşə qayıdım, orada mənim döyüşçü yoldaşlarım qalıb. Təsəvvür edin ki, hər iki ayağı amputasiya olunmuş, başında qəlpə yarası olan əsgər atası ilə danışır. Atası soruşur: "necəsən?", "əlayam, hər şey gözəldir” deyir.
Bu fikirləri “Report”un efirində “Müzakirə vaxtı” verilişində “Hünər Group”un nümayəndəsi Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, döyüşün ilk günlərindən yardım məqsədilə cəbhə bölgəsinə yollanıblar: "Şirkət Müdafiə Nazirliyinə müraciət edərək könüllü şəkildə yaralıların daşınması və digər tibbi köməklik göstərilməsini təklif edib. Müdafiə Nazirliyindən isə şirkətə bildirilib ki, Gəncə hərbi hospitalında bu xidmətə ehtiyac var. Bundan sonra şirkətin həkim, feldşer və sürücülərdən ibarət 12 nəfərlik könüllü heyəti təcili tibbi yardım avtomobilləri ilə sözügedən hospitala gedib. 4 təcili tibbi yardım avtomobilindən birini isə şəxsən şirkətin direktoru Ehtiram Quliyev özü idarə edib. Həmin heyət Gəncə Hərbi Hospitalına və oradan digər xəstəxanalara yaralıların daşınmasını həyata keçirib".
N.Paşayev bildirib ki, oktyabrın 26-da işğaldan azad edilən Qubadlı rayonunda səhra hospitalı yaradılıb və şirkətin könüllüləri orada fəaliyyət göstərməyə başlayıb: “Şuşa uğrunda döyüşlər gedəndə hospitalın rəisi zarafatyana dedi ki, bəlkə, Şuşaya gedək? Biz də dedik ki, təbii ki, niyə getməyək? Həm orada bizə ehtiyac var, həm də Şuşanı görmək həsrəti var. Şuşa şəhəri işğaldan azad olunan kimi bizə rəsmi tapşırıq gəlmişdi ki, Şuşada da yaralılara xidmət göstərmək lazımdır. Çox da böyük olmayan heyətlə Şuşaya yollandıq”.
“Hünər Group”un nümayəndəsi vurğulayıb ki, Şuşaya getmək üçün təhlükəli yollardan keçiblər. “Ordumuz Şuşanı almaq üçün həm döyüşüb, həm də yol açıb. Biz qayıdanda bir yaralı əsgər vardı, dedi ki, biz 18 saat bu yolu getmişik. Onları gördükcə biz də daha böyük ruh yüksəkliyi yaranırdı ki, onlar döyüşə-döyüşə gediblərsə, nə qədər təhlükəli olsa da, artıq atəşkəs dövründə getməmək olmaz. Yolda gedərkən avtomobilimin təkəri partlamışdı, amma yollar o qədər çətin idi ki, mən bunu heç kimə bildirmədim. Sıldırımlı, palçıqlı, çətin keçilən yollarda maşınların hər an aşma təhlükəsi vardı. Avtomobildə olan tibb bacıları da narahat idilər. Kəndə çatana qədər boşalmış təkərlə sürdüm”.
N.Paşayev deyib ki, mənzil başında ilk olaraq “Şuşa” yazılmış lövhənin qarşısında dayanıblar: “Möhtəşəm bir hiss idi. Orada Azərbaycan Ordusunun əsgərlərini, Azərbaycan, Türkiyə bayraqlarını gördük, sözlə ifadə olunmayan hisslərdir. Daha sonra Şuşaya daxil olduq. Şuşada da ilk hospitalın qurulması üçün lazımi işlər görülüb. Minaya düşən bir yaralı əsgərimiz vardı, sağ olsun həkimlərimiz, 28 ildən sonra ilk dəfə Şuşada cərrahiyyə əməliyyatı keçirdilər”.
Müsahibimiz əlavə edib ki, Şuşanın Gövhər Ağa məscidində əsgərlərlə birgə ilk cümə namazının qılınmasında iştirak etmək də onlara nəsib olub.