“Ermənistan ordusunun ardıcıl təxribatları və mülki vətəndaşları atəşə tutması nəticəsində Azərbaycan ordusu əks-hücum həyata keçirib”.
Bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin əməliyyatlar üzrə meneceri Elnur Qasımov Bərdədə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, sentyabrın 27-dən oktyabrın 8-dək Daxili işlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi tərəfindən agentliyə 402 çağırış edilib:
“366 əməliyyat çıxışı icra olunub. Bu çıxışlar hər dəqiqə dəyişir”.
O, təcili və təxirəsalınmaz axtarış və zərərsizləşdirmə əməliyyatları aparılan rayonlardan da danışıb:
“Ağdam, Goranboy, Tərtər, Ağdaş, Bərdə, Beyləqan, Füzuli, Ağcabədi, Biləsuvar, Cəbrayıl, Naftalan, Şəmkir, Hacıqabul, Yevlax Gəncə və Mingəçevir şəhərlərində icra olunur. Düşmən müxtəlif növ sursatlardan istifadə edir”.