Kinorejissor və kinoşünas Ayaz Salayev Qarabağda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan tələbəsi haqqında danışıb.
Bu barədə rejissor “Youtube”da videomüraciətlə çıxış edib.
O, bildirib ki, ötən gün cəbhədə tələbəsi, Kinoşünaslıq fakultəsinin tələbəsi Fəqan Məmmədov şəhid olub. Fəqan Məmmədov Qarabağdan kifayət qədər uzaqda yerləşən Zaqatalada anadan olub.
Ayaz Salayev həmçinin Fəqan Məmmədovun hansı şəraitdə şəhid olmasını da açıqlayıb. Onun sözlərinə görə, ötən gün şanlı ordumuzun əsgərləri işğalçı ordunun əsgərlərini mühasirəyə alıb və ermənilər ağ bayraq qaldırıblar. Fəqan Məmmədov onlara yaxınlaşmaq istədikdə isə ermənilər əl qumbarasından istifadə ediblər. Bu zaman Fəqan Məmmədov özünü sipər edərək döyüş yoldaşlarını xilas edib.
Rejissor tələbəsi Fəqan Məmmədovun erməni işğalçılarına niyə inandığını və nəyə görə onun dünyasında namərdliyə yer olmadığını da izah edib:
“Çünki o, Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Dünya kinosunun tarixini, onun daxilində alicənablıq və şərəf hissini tərbiyə edən şedevrləri öyrənib. Fəqana atəş açanlar onun ruhunda yaşayan Fellini və Antonionini, Berqman və Kurosavanı, Tarkovskini və Kubriki öldürdülər”, - deyə A.Salayev bildirib.