Böyük Britaniyada yaşayan azərbaycanlılar Azərbaycan Ordusunun işğal olunmuş əraziləri azad etmək üçün başladığı əks-hücum əməliyyatlarına dəstək olaraq aksiya keçiriblər.
Bu barədə Oxu.Az-a aksiyanın təşkilatçısı, “Böyük Britaniyadakı Azərbaycanlılar” (“Азербайджанцы в UK”) “Facebook” qrupunun admini Səbinə Quliyeva məlumat verib.
“Ermənistanın 2020-ci il 27 sentyabrda başlayan təxribatından sonra “Facebook” qrupumuz erməni təbliğatı və saxta xəbərlərinə qarşı mübarizəyə qalxdı. Biz vəsait toplayaraq Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı faktları nümayiş etdirən elektron tablolu yük maşının Londonun mərkəzi küçələrində hərəkət etməsini təşkil etdik.
Londonun mərkəzində bir neçə yerdə “Qarabağ Azərbaycandır !!!” plakatları asılıb.
Bundan əlavə, eyni plakatlara Londonu Böyük Britaniyanın böyük şəhərləri ilə birləşdirən bir neçə avtomagistralda da görmək mümkündür”, deyə S. Quliyeva qeyd edib.