2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğuldu. Respublikanın hər yerində böyük coşqu ilə qeyd edilən əlamətdar hadisə həm də bəzi suallar doğurur.
Məsələn, 10 milyonuncu vətəndaşın seçim prosesi necə olub?
Median.Az xəbər verir ki, Modern.az bu və digər sualları Dövlət Statistika Komitəsinin (DSK) sədr müavini Rauf Səlimova ünvanlayıb:
- Rauf müəllim, hazırda əksəriyyəti maraqlandıran sual budur: necə oldu ki, Azərbaycanın 10 milyonuncu vətəndaşının məhz 2019-cu il aprelin 6-da saat 03:30-da Respublika Perinatal Mərkəzində dünyaya gələn körpə olduğu müəyyənləşdi?
- Bəli, aprel ayının 6-da ölkəmizin 10 milyonuncu sakini doğuldu. Bu, hamını sevindirən tarixi hadisədir. Qeyd edim ki, bu məlumatlar Dövlət Statistika Komitəsinin apardığı cari uçot məlumatları əsasında əldə olunur.
- Cari uçot dedikdə nə nəzərdə tutulur?
- Bunlar əhalinin sonuncu siyahıyaalınması məlumatları əsasında hazırlanır. Həmin rəqəmlərin üzərinə hər il ölkədə doğulan və ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı toplanır. Həmin rəqəmdən ölənlərin və ölkədən gedənlərin sayı çıxıldıqdan sonra yekun rəqəm alınır. Hər ayın 12-dək Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən müvafiq məlumatlar toplanaraq bizə ötürülür və Komitədə emal edilir. Cari uçot əsasında hər ayın 1-i vəziyyətinə əhalinin sayını açıqlayırıq.
- O zaman təhlillər zamanı Azərbaycan vətəndaşlarının sayının 10 milyona yaxınlaşdığı sizə əvvəlcədən məlum olub...
- Əlbəttə. Fevral ayının 1-i vəziyyətinə olan məlumatları əhalinin artım dinamikasına əsasən təhlil edərkən gördük ki, ölkədə 10 milyonuncu sakinin doğulması təxminən mart ayının sonu aprel ayının əvvəllərinə düşür. Prosesin real vaxt rejimində müşahidəsini aparmaq üçün dərhal Səhiyyə Nazirliyində operativ qərargah yaradıldı. Oraya dövlət qurumlarından mütəxəssislər daxil edildi. Doğulanlar, ölənlər, ölkəyə gələnlər və ölkədən gedənlər haqqında bütün məlumatlar qərargaha ötürülməyə başladı və monitorinq sistemi quruldu. Nəhayət aprelin 6-da məlum oldu ki, 10 milyonuncu sakin saat 03:30-da keçmiş Ağdərə rayon sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Nigar Ocaqova və Rauf Həsənovun ailəsində dünyaya gəlib.
- Əhalinin say hesabı ilə qeydiyyatı məsələsinə aydınlıq gətirmənizi istərdim. Maraqlıdır, statistik məlumatlarda hər birimizin neçənci vətəndaş olduğumuz qeyd olunubmu? Bunun əsasında 4, 5, 6, 7, 8 milyonuncu vətəndaşlarımızın kimliyini müəyyən etmək mümkündürmü?
- 8 və 9 milyonuncu vətəndaşlarımızın kimliyi məlumdur. 8 milyonuncu vətəndaşımız 1999-cu ildə Naxçıvanda doğulub. 9 milyonuncu vətəndaşımız isə 2010-cu il yanvarın 15-də dünyaya gəlib. O da Naxçıvanda doğulub. 7 milyonuncu vətəndaşımızın doğulması təxminən 1989-1990-cı illərə düşür. Bu isə SSRİ vaxtına təsadüf edir. O vaxt da müstəqil dövlət olmadığımızdan milyonuncu vətəndaşın doğulmasının təmtəraqlı qeyd olunması praktikası yox idi.
- Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Məsələlər Departamentinin (DESA) hesabatında bildirilib ki, Azərbaycan əhalisinin sayı 2050-ci ildə 11 milyon olacaq. Maraqlıdır, hesabatda səslənən rəqəm əhalinin hazırkı artım dinamikası ilə üst-üstə düşürmü?
- Son 9 il ərzində Azərbaycan əhalisi 1 milyon artıb. Ölkənin 9 milyonuncu sakini 2010-cu ildə yanvarın 15-də doğulub. Sonra isə 9 il 3 ay keçən müddət ərzində daha 1 milyon artaraq, 10 milyon olduq. Artım tempi bu cür davam edərsə, təxminən 9-10 il ərzində əhalinin sayının daha 1 milyon aratacağını deyə bilərik.
- Amma bir məsələ var ki, getdikcə Azərbaycanda çoxuşaqlı ailələrin sayı azalır. Yəni rəsmi statistika olmasa belə, bunu ətrafımızdan aydın şəkildə müşahidə edə bilərik. Bu gün qurulan ailələrdəki valideynlər ən yaxşı halda bir, yaxud iki uşaq sahibi olmaq istəyirlər.
- Maraqlı sualdır. Amma bunun dəqiq cavabı əhalinin növbəti siyahıyaalınması zamanı müəyyən olunacaq. Bu, yalnız 10 ildən bir sorğu əsasında müəyyən edilərək, dəqiqləşdirilir ki, hər ailədə neçə uşaq var. Ümumiyyətlə, ola bilər ki, belə bir tendensiya var. Amma bunu da demoqraflar təhlil edib səbəbini müəyyən etməlidirlər.