Prezident İlham Əliyev Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılsınlar:
- birinci yeri tutan hər bir idmançı - 10 000 manat, onun şəxsi məşqçisi - 5000 manat;
- ikinci yeri tutan hər bir idmançı - 7000 manat, onun şəxsi məşqçisi - 3500 manat;
- üçüncü yeri tutan hər bir idmançı - 5000 manat, onun şəxsi məşqçisi - 2500 manat;
- komandanın baş məşqçisi - idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Xatırladaq ki, Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan komandası 23 medal – 10 qızıl, 7 gümüş və 6 bürünc qazanaraq komanda hesabında dördüncü pillədə qərarlaşıb. Medallardan 16-sını güləşçilərimiz qazanıblar. Pəhləvanlarımız 8 qızıl, 5 gümüş və 3 bürünc medala sahib olublar. Medalların sayına görə komandamızda ikinci yerdə cüdoçular qərarlaşıblar. Cüdoçular ölkəmizin aktivinə 2 qızıl, 1 gümüş və 3 bürünc medal yazdırıblar. Komandamız idman gimnastikası yarışında isə 1 gümüş medala sahib olub.