Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Belçika Krallığına işgüzar səfərə gəlib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçikalıların Kralı Əlahəzrət Filip ilə görüşü olub.
Görüşdə Azərbaycan-Belçika ikitərəfli münasibətləri, regiondakı vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edildi.
Prezident İlham Əliyev Belçikalıların Kralı Əlahəzrət Filipə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verərək Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunduğunu, münaqişənin həllinin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında və ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu diqqətə çatdırdı.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunuldu, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olundu və Prezident İlham Əliyevin Belçikaya səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə töhfə verəcəyi bildirildi.