ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə fevralın 11-də videokonfrans formatında tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə videoformatda çıxış edib:
“Hörmətli ICESCO-nun Baş direktoru doktor Salim Al Malik.
Xanımlar və cənablar.
Əziz dostlar.
İlk olaraq belə bir mötəbər tədbirdə fəxri qonaq qismində iştirak üçün nəzakətli dəvətə görə Baş direktora təşəkkürümü bildirmək istərdim.
Bu, mənim üçün böyük şərəfdir və mən bu dəvəti bizim qadınların təhsil və elmdə iştirakının inkişafı ilə bağlı siyasətimizin yüksək qiymətləndirilməsinin təzahürü hesab edirəm.
Mən İslam mədəni irsinin qorunması və müsəlman dünyasında təhsil və elmin təşviqi ilə bağlı İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının nəcib missiyasını təqdir edir və Azərbaycan ilə ICESCO arasında məhsuldar əməkdaşlığı minnətdarlıqla qeyd edirəm.
BMT Baş Assambleyasının qəbul etdiyi, 11 fevral tarixini “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü elan edən qətnaməyə uyğun olaraq, bugünkü müzakirə mövzusuna Baş direktor tərəfindən diqqətin yönəldilməsini alqışlayıram.
Əziz dostlar, qlobal çağırışlara cavab vermək üçün elm, texnologiya və innovasiya zərurətə çevrilib. Elm və gender bərabərliyi “Davamlı İnkişaf üzrə 2030 Gündəliyi” daxil olmaqla, beynəlxalq inkişaf məqsədlərinə nail olunması üçün mühüm əhəmiyyətə malikdir.
ICESCO-nu 2021-ci ilin “Qadınlar ili” elan etməsi ilə bağlı təşəbbüsünə görə təbrik etmək istəyirəm. Bu, yalnız təşkilat tərəfindən qadınların cəmiyyətimizdəki roluna verilən əhəmiyyətin təzahürü deyil. Bu, həmçinin onların daha firavan və təhlükəsiz dünya naminə misilsiz töhfəsinin təsdiqidir. Biz bu gün COVID-19 ilə mübarizənin ön cəbhəsində dayanan qadın alim, həkim və səhiyyə işçilərinə ehtiramımızı ifadə etməliyik. Biz test üsullarının təkmilləşdirilməsindən tutmuş vaksinlərin hazırlanmasına qədər COVID-19 ilə mübarizənin müxtəlif mərhələlərində həlledici rol oynayan tədqiqatçı qadınlarımızla fərəhlənə bilərik.
Mən yalnız onunla fəxr etmirəm ki, dünyada ilk dəfə, - bir əsrdən öncə, - sənaye üsulu ilə neft quyusunun qazıldığı, Şərqdə ilk operanın açıldığı və ən vacib olan, müsəlman dünyasında ilk demokratik respublikanın yaranmasına görə tanınan ölkədənəm. Azərbaycan həm də 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququnu verən ilk ölkələrdən biri olaraq tarixə düşmüşdür. Qızların təhsilinə gəldikdə isə, müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi azərbaycanlı xeyriyyəçi Zeynalabdin Tağıyev tərəfindən 1901-ci ildə mənim doğulduğum Bakı şəhərində yaradılmışdır.
Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizini və elmi tədqiqatçıların 56 faizini təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizi qadınlardan ibarətdir.
Bununla yanaşı, sürətlə dəyişən dünyamızda qızların təhsili və onların elm sahəsində iştirakı yeni çağırışlara müvafiq olmalıdır. Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Bizim ölkədə bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır.
Qeyd etdiyim kimi, bir çox azərbaycanlı qadın elmə böyük töhfələr verib və onlar elm sahəsi ilə məşğul olan qızlar və gənc xanımlar üçün əsl ilham mənbəyidir. Lakin bu gün ən vacib məsələ qızlar və gənc xanımların iştirak səviyyəsinin yaxşılaşdırılması üçün münbit şəraitin yaradılmasının davam etdirilməsi və elm sahəsində gender boşluğunun doldurulmasıdır.
Bir nümunə olaraq bu yaxınlarda BMT-nin İnkişaf Proqramı ilə bərabər başladığımız “Qadınlar elm, texnologiya, mühəndislik və riyaziyyatda” adlı mentorluq proqramını qeyd edə bilərəm ki, burada məqsəd tələbə və gənc xanımların həmin sahədə uğur qazanmış nümunəvi şəxslərlə təmas yaratması və onlara təhsil və karyera sahəsində çağırışların öhdəsindən gəlmək üçün məsləhətlərin verilməsidir.
Xanımlar və cənablar, razılaşaq ki, elm, texnologiya və innovasiya dünyada cəmiyyətlərin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsidir. ICESCO-nun xoşməramlı səfiri qismində mən bütün üzv dövlətlərə bu sahələrə daha çox sərmayə yatırmağa, habelə zəruri siyasət və birgə fəaliyyət planları işləyib hazırlamağa dair çağırış edirəm. Biz qadınlar və qızların sabahın əmək bazarına lazımi bacarıqlara yiyələnmələri üçün innovativ maliyyə mexanizmləri yaratmalıyıq. Azərbaycan bu mənada öz töhfəsini verməyə hazırdır.
Hörmətli tədbir iştirakçıları, qeyd edilənlərlə yanaşı, mən fürsətdən istifadə edərək, Ermənistanın işğal etdiyi ərazilərimizin 30 ildən sonra Azərbaycan tərəfindən azad olunması və tarixi ədalətin bərpası ilə nəticələnən ötən ilki 44 günlük Vətən müharibəsi zamanı dəyərli dəstəyinə görə ICESCO-ya, şəxsən onun Baş direktoru doktor Salim Al Malikiyə dərin minnətdarlığımı ifadə etmək istəyirəm. Bir ay bundan əvvəl Azərbaycan Prezidentinin dəvətinə əsasən Baş direktorun rəhbərliyi ilə ICESCO-nun nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Qonaqlarımız azad olunmuş bəzi ərazilərə səfər etmək imkanı əldə etmiş və onlarla məscidlərimizin təhqir olunması və yüzlərlə tarixi abidələrimizin dağıdılması daxil olmaqla, ümumi dağıntı və vandalizmin miqyasının şahidi olmuşlar.
Hazırda dövlət qarşısında azad olunmuş ərazilərin canlandırılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifə dayanır. Biz bunun öhdəsindən gələcəyik. Biz dağıdılmış şəhərləri və kəndləri bərpa edəcəyik. Biz orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik. Biz işğal zamanı zərər görmüş mədəni irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində ICESCO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa hazır olduğunu yüksək qiymətləndiririk. Eyni zamanda, ICESCO-nun Azərbaycanda regional nümayəndəlik təsis etməsi imkanının nəzərdən keçirilməsinə görə xüsusi minnətdarlığımızı bildiririk. Həmin nümayəndəlik digər sahələrlə yanaşı, qadınlar və qızların elmdə rolunun artırılmasına konkret diqqət yetirməklə elm sahəsində əməkdaşlığımızı gücləndirə bilər.
Sonda ICESCO-ya nəcib və mühüm işində uğurlar diləyir, bütün iştirakçılara və onların yaxınlarına cansağlığı, səadət və xoşbəxtlik arzu edirəm. Sağ olun”.
* * * * *
Bu gün ICESCO tərəfindən elan edilən “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibəti ilə videokonfrans formatında tədbir keçirilib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə videoformatda çıxış edib.