Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Bakının Nərimanov rayonundakı 64 saylı körpələr evi-uşaq bağçasında olub.
AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezidentə bu körpələr evi-uşaq bağçasında görülən əsaslı təmir işləri barədə məlumat verilib.
Bildirilib ki, körpələr evi-uşaq bağçası 1963-ci ildə inşa olunub. Heydər Əliyev Fondu tərəfindən 2018-ci ildə binada əsaslı təmir işləri həyata keçirilib. İki mərtəbə və iki korpusdan ibarət körpələr evi-uşaq bağçası 95 yerlikdir və beş qrupdan ibarətdir.
Qruplarla tanış olan Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla söhbət edib.
Qeyd edək ki, binada təmir işləri zamanı infrastruktur yenidən qurulub, həyətyanı sahə abadlaşdırılıb, yaşıllıq salınıb. Uşaqların əylənməsi məqsədilə bağçanın həyətində yelləncəklər qurulub.