2019-cu ilin birinci yarısında Bakıda cinayət hadisələrinin sayı azalıb.
Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə bu gün Bakı şəhər prokurorluğunda keçirilən geniş əməliyyat müşavirəsində çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirib.
Onun sözlərinə görə, 2018-ci ilin birinci yarımilində şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 5678 hadisə qeydə alındığı halda, 2019-cu ilin birinci yarısında 182 hadisə, yəni 3,2 % azalaraq 5496 hadisə olub:
"Qeydə alınmış cinayətlərin açılma faizi 6,7% azalaraq 75,4 %, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 37 hadisə və ya 5,6% artaraq 695 olub. 2019-cu ilin birinci yarısında qeydə alınmış 37 qəsdən adam öldürmə cinayətinin 1-i istisna olmaqla, 19 qəsdən adam öldürməyə cəhd cinayətinin hamısının açılması təmin edilib".
Eyni zamanda o da vurğulanıb ki, ilin birinci yarısında Bakıda 28 quldurluq hadisəsi qeydə alınıb.
İ.Abbasov qeyd edib ki, bundan başqa hesabat dövründə 103 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Prokurorun sözlərinə görə, ümumilikdə quldurluq hadisələrindən 7-si, yol-nəqliyyat hdisələrindən isə 5-i bağlı qalıb.
İ.Abbasov daha sonra əlavə edib: "2019-cu ilin birinci yarısında şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluqda icraatda olan 590 işdən 252-i, daxili işlər orqanlarının istintaq aparatlarının icraatında olan 6680 cinayət işindən 2183-nün istintaqı tamamlanıb. Hesabat dövründə törədilmiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən Bakı şəhər prokurorluğunun İstintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 7.579.457 manat maddi ziyandan 43.8 %-i yəni 3.316.706 manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 19.337.628 manat maddi ziyandan 92 %-i yəni, 17.772.953 manatı istintaq zamanı ödətdirilib".