Bakı Ağır Cinayətlər Məhkəməsində Elçin İbrahimovun və Elman Sadıxovun CM-nin 29,120.2.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, ittihama görə, ötən il iyunun 14-də Sabunçu rayonunun Maştağa qəsəbəsində xidmətdə olan Yol Patrul Xidmətinin əməkdaşı Babək Qəmbərov avtomobillə yol hərəkəti qaydasını pozduğu üçün Elçin İbrahimovu və Elman Sadıxovu saxlayıb. Bu zəmində onların arasında mübahisə başlayıb, yol polisinin tələbinə tabe olmayan şəxslər əvvəlcə B.Qəmbərovun ayaq, sonra isə baş nahiyəsindən bıçaqla zərbələr vurublar. Ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılan polis əməkdaşının həyatını həkimlər xilas ediblər. Cinayəti törədən şəxslər Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa təhvil veriliblər.
Məhkəmənin hökmü ilə E.İbrahimov 17 il və E.Sadıxov 15 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.