Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Müslümovun (1993-cü il təv.) 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, bu il fevralın 18-də Nərimanov rayonunda yaşayan Eldar Müslümov münaqişə zamanı 66 yaşlı anası Nailə Müslümovanı stulla vurub. Zərbədən qadının başı divara dəyib və o, yerə yıxılıb.
Dərhal sonra gənc mənzilin qapısını bağlayaraq, hadisə yerindən qaçıb. Səhərisi gün saat 16 radələrində o evə qayıdıb və anasının sağ olmasını düşünərək, təcili yardım çağırıb. Hadisə yerinə gələn həkimlər qadının öldüyünü bildiriblər. Sonra mənzilə 17-ci polis şöbəsi və rayon prokurorluğunun əməkdaşları gələrək, araşdırmaya başlayıblar.
İş üzrə dindirilmiş Elman Müslümov bildirib ki, anasından özünə smartfon almaq üçün pul istəyib, Nailə Müslümova pul verməkdən imtina etdikdə, o qadına zərbə endirib.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış iyulun 16-na təyin edilib.