Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Röyal Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Səfərov 8 il azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq-silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə təqsirli bilinib.
İttihama görə, bu il fevralın 14-də Sabunçu rayonunda Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Röyal Səfərov Aydınbəyov küçəsində, paytaxt sakini Toğrul Qəhrəmanova bıçaqla hədə-qorxu gələrək ona məxsus mobil telefonunu əlindən alıb və hadisə yerindən uzaqlaşıb.
Araşdırma zamanı 1993-cü il təvəllüdlü R.Səfərovun rayon ərazisində daha bir gənc qıza qarşı quldurluq edib mobil telefonunu əlindən aldığı məlum olub.