Ali Məhkəmədə Masallı rayon sakini Ramil Əbilovun (1994-cü il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 177.2.3 (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 181.3.3 (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Median.Az xəbər verir ki, 2016-cı il iyulun 22-də axşam saat 22:15-də Sumqayıt şəhərində, 42-ci məhəllə, ev 15 mənzil 1-də şəhər sakini Gülyaz Musayevanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Sumqayıt ŞPİ və şəhər prokurorluğunun əməkdaşları cəlb olunmaqla, ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Sumqayıt ŞPİ 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ramil Əbilov saxlanılıb.
İstintaqla müəyyn edilib ki, Ramil Əbilov ögey xalası Gülyaz Musayevanın mənzilinə gələrək, ona çoxsaylı bıçaq zərbələri endirib. Sonra onun mənzilindən içərisində 800 manat pul olan pul qabını və bir ədəd kompüter oğurlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Sumqayıt Apelyasiya Məhkəməsi onun apelyasiya şikayətini təmin etməyib.
Bundan narazı qalan R.Əbilov Ali Məhkəməyə kassasiya şikayəti verib.
Ali Məhkəmənin qərarı ilə məhkumun kassasiya şikayəti təmin edilməyib.