Bakıda 3 uşaq anası qətlə yetirilib.
Median.Az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ötən gün səhər saatlarında Bakının Bayıl qəsəbəsində baş verib.
1981-ci il təvəllüdlü Mikayılova Kəmalə Hümmət qızı Arif İsmayılov küçəsində bıçaqlanıb, o, sürünərək qonşunun həyətinə keçib və orada vəfat edib.
Araşdırma zamanı müəyyən edilib ki, K.Mikayılova sevgilisi tərəfindən öldürülüb. Belə ki, qadının Rusiyada yaşayıb işləyən əri dünən Bakıya qayıdacaqmış. Bu səbəbdən Kəmalə və sevgilisi-1982-ci il təvəllüdlü Abuşov Fərhad Cəlal oğlu evdə mübahisə ediblər. Daha sonra K.Mikayılova küçəyə çıxaraq gedib. F.Abuşov bıçaq götürərək onun arxasıyca gəlib və A.İsmayılov küçəsində ona bir neçə bıçaq zərbəsi vurub.
F.Abuşov daha sonra yaxınlıqdakı Neftçi Qurban küçəsində tikilən hündürmərtəbəli binanın həyətində yerləşən kranın üstünə çıxaraq özünü öldürmək istəyib. Polis əməkdaşları tərəfindən aparılan profilaktik söhbətdən sonra o, intihar etmək fikrindən daşınıb və yerə düşüb. F.Abuşov saxlanılaraq 8-ci Polis Bölməsinə aparılıb.