Bakı Ağır Cinayətlər Məhkəməsinə Bakı şəhər sakini Eldar Əfəndiyevin (1994-cü il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, ötən il noyabrın 6-da Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanda baş vermiş yanğın saat 09:30-da söndürüldükdən sonra, həmin evdə yaşamış Tamilla Axundovanın (1941-ci il təv.) üzərində bıçaq xəsarəti olan yanmış meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər aparılıb.
Keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin T.Axundovanın nəvəsi Eldar Əfəndiyev tərəfindən tamah niyyəti ilə törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış iyunun 14-ə təyin edilib.