Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Xəyal Məmmədovun CM-nin 263.3-cü ( yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Median.Az xəbər verir ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini Orxan Orucov hadisə yerində ölüblər.
Araşdırma zamanı məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron RPİ-nin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses ayın 31-də keçiriləcək.