Şəmkirdə Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasının əməkdaşı 29 yaşlı Kəramət Məmmədli sifarişlə öldürülüb.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Prokurorluq işçiləri hələlik qatilin izinə düşə bilməyiblər.
Xatırladaq ki, cinayət mayın 1-də Bayramlı kəndində törədilib. K.Məmmədli öz evində kiçikkalibrli tüfənglə (5,6 mm) öldürülüb. Güllə yaxın məsafədən (təxminən 1 metr) alın nahiyəsinə tuş gəlib.
Maraqlıdır ki, yaxınlıqda yaşayanlardan heç biri atəş səsini eşitməyib. Ehtimal olunur ki, killer səsboğucudan istifadə edib. Kriminalistlər hadisə yerində qatilə aid heç bir iz aşkarlamayıblar.
Məlumdur ki, öldürülən şəxsin evindən heç nə oğurlanmayıb – pullar və qızıl əşyalar yerində qalıb.
Kəramət Məmmədli Beynəlxalq Bankın rayon filialının keçmiş rəhbərinin (hazırda təqaüdə çıxıb) oğlu olub. İki il əvvəl boşanıb. Lakin müstəntiqlər onun qətlini boşanması ilə əlaqələndirmirlər.
Daha bir versiyaya görə, K.Məmmədli qadınla sevgi münasibətlərinə görə qətlə yetirilib. Lakin qadının kimliyi barədə istintaq qrupunda hələlik məlumat yoxdur.//oxu.az