Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Nizam Məmmədzadənin cinayət işi üzə məhkəmə prosesi başa çatıb.
Median.Az-ın Trend-ə istinadən məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə N. Məmmədzadə 10 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il oktyabrın 10-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsindəki “Ordubad” kafesində N.Məmmədzadə Elçin Ələkbərovu xüsusi amansızlıqla döyüb. E.Ələkbərov qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli ağır xəsarətləri ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilsə də, orada ölüb.
N.Məmmədzadə barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.