Salyan rayonunda “MilliÖn” ödəmə terminalından oğurluq edən şəxslər saxlanılıb.
Median.Az report-a istinadən xəbər verir ki, Salyan Rayon Poliş şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarabağlı kənd sakini Məmmədov Elmir Rəcəbəli oğlu və Qırxçıraq kənd sakini Vəliyev Əflatun Xəlil oğlu şübhəli şəxs qismində saxlanılıb.
İlkin istintaq zamanı məlum olub ki, Elmir Məmmədov tanışı Əflatun Vəliyevlə qabaqcadan əlbir olaraq bu il aprelin 1-də rayonun Kərimbəyli kəndindəki mağazaların birində quraşdırılmış "MilliÖn" ödəmə terminalını sındıraraq pul kassasını oğurlamaq istəsələr də, cəhdləri baş tutmayıb. Onların ətrafında aparılan araşdırmalar nəticəsində Elmir Məmmədovun daha bir cinayətinin üstü açılıb. Məlum olub ki, o, bundan əvvəl - yəni fevralın 13-də həmin mağazadakı "MilliÖn"ü sındırmaq yolu ilə kassanı oğurlayıb, içindəki 3894 manat pulu götürüb. E.Məmmədov izi itirmək məqsədi ilə kassanı yaxınlıqdakı suya - axmaza atıb. Saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər. Axmaza atılan kassa isə maddi sübut kimi götürülərək şöbəyə gətirilib.
Faktla bağlı araşdırma aparılır.