Bakıda bacısını qətlə yetirməyə cəhddə ittiham edilən Niyaməddin Məmmədovun apellasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Median.Az "Ölkə.Az"a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə prokurorluğun birinci instansiya məhkəməsinin qərarından verdiyi protestə baxılıb.
Hakim Rizvan Səfərovun elan etdiyi qərarə əsasən prokurorun protesti təmin edilməyib və hökm dəyişdirilmədən saxlanıb.
İttiham aktına görə, Xətai rayonunda kirayədə yaşayan 1993-cü il təvəllüdlü Əfsanə Əhmədova qısqanclıq zəminində qardaşı Niyaməddin Məmmədov tərəfindən bıçaqlanıb.
Qadın Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.
Niyaməddin Məmmədov ailəli olan bacısının başqa kişi ilə münasibəti olduğunu öyrənib və buna görə onu bıçaqlayıb.
İstintaq orqanı tərəfindən Niyaməddin Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun ittiham olduğu maddə tövsif edilib və Niyaməddin Məmmədov 2 il müddətinə azadlıqdan məhrum edilib.