Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Xosrov Məmmədovun (1983-cü il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, qətl ötən il oktyabrın 7-də Qaraçuxur qəsəbəsində baş verib. Belə ki, Xosrov Məmmədov mübahisə zamanı keçmiş həyat yoldaşı Əfsanə Məmmədovanı (1985-ci il təv.) bıçaqlayıb. Nəticədə qadın kəskin qanitirmədən hadisə yerində dünyasını dəyişib.
Həmin gün Məmmədov Suraxanı RPİ 32-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, o cinayəti qısqanclıq zəmnində törətdiyini bildirib.
İstintaqın gedişatına məlum olub ki, Xosrov və Əfsanə bir müddət əvvəl boşanıblar, onların bir övladı olub. Boşanmasına baxmayaraq kişi qadından əl çəkməyib və onu cinsi əlaqəyə girməyə məcbur edib. Bununla bağlı Əfsanə Məmmədova Xətai RPİ 37-ci polis bölməsinə müraciət edib. Bundan qəzəblənən Xosrov Məmmədov bıçaqla silahlanaraq Qaraçuxur qəsəbəsinə gəlib və qadını qəsdən həyatdan məhrum edib.
Hazırlıq iclasında təqsiriləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış mayın 10-na təyin olunub.