Median.Az xəbər verir ki, Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində yerləşən aptekdəki seyfldən külli miqdarda pul oğurlanması barədə Nərimanov RPİ 16-cı polis bölməsinə məlumat daxil olub.
Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Biləsuvar rayon sakinləri Əli İsmayılov, Amil Məmmədli və Siyəzən rayon sakini Çingiz Xankişiyev saxlanılıblar.
Araşdırma zamanı müəyyən olunub ki, Ə.İsmayılov və Ç.Xankişiyev müxtəlif vaxtlarda həmin aptekdə əczaçı işləyiblər və seyfin yeri barədə əvvəlcədən məlumatlı olublar. Həmin şəxslər iş yerlərini dəyişəndən sonra aptekdən oğurluq etmək üçün xüsusi plan hazırlayıblar. Bu məqsədlə Ə.İsmayılov Ç.Xankişiyevi həmyerlisi A.Məmmədli ilə tanış edib.
Əldə olunan razılığa əsasən hadisə günü A.Məmmədli aptekə obyektin dam hissəsini kəsərək əvvəlcə anbara, daha sonra isə seyfin saxlanıldığı otağa daxil olub. Burada o, özü ilə gətirdiyi kəsici alətlərlə seyfləri qıraraq içindəki pulları ələ keçirib. Sonra o, özü ilə gətirdiyi kəsici alətləri aptekdə qoyaraq hadisə yerindən qaçıb. Dəstə üzvləri Ç.Xankişiyevin yaşadığı mənzildə görüşərək pulu aralarında bölüblər.
Nərimanov RPİ İstintaq şöbəsində cinayət işi başlanılıb.