Dostunu döyə-döyə öldürməkdə təqsirləndirilən Bahadur Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Median.Az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçiriləcək məhkəmə hazırlıq iclası aprel ayının 25-nə təyin olunub.
Qeyd edək ki, hadisə sentyabrın 11-də Sabunçu rayonu ərazisində qeydə alınıb.
Həmin rayonda yaşayan, əvvəllər məhkum olunmuş Bahadur Cəfərov evində münaqişə zəminində Bakı şəhər sakini olan tanışı Rəfayel Rzayevi taxta parçası ilə döyərək qətlə yetirib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə B.Cəfərov saxlanılıb.