Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, ötən il noyabrın 9-da Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində yaşayan şəhər sakini Daşqın Hüseynov koma vəziyyətində xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.
Sumqayıt ŞPİ məlumat daxil olandan sonra D.Hüseynovun ölümünün səbəbləri araşdırılıb və məlum olub ki, mərhum yaşadığı evin yaxınlığında naməlum şəxslə mübahisə zamanı döyülüb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Nərimanov saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində hadisə günü dünyasını dəyişən şəxslə arasında münaqişə baş verdiyini və onun baş nahiyəsinə küt alətlə xəsarət yetirdiyini bildirib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.