Median.Az xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu il yanvarın 25-də itkin düşmüş Cəlilabad rayon sakini Sahib Mahmudovun (1993-cü il təv.), həmin tarixdə Masallı rayonunda qətlə yetirilməsi məlum olub.
Belə ki, Cəlilabad RPŞ və Abşeron RPİ-də CM-nin 177 (oğurluq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və ya satma) maddələri ilə başlanılmış cinayət işlərinin istintaqı zamanı təqsirləndirilən Əli Ələkbərli və Altay Ağamalızadə tərəfindən
Sahib Mahmudovun şəxsi münasibətlər zəminində yanvarın 25-də Masallı rayonu ərazisində yerləşən “Adu Piramida” istirahət mərkəzində bıçaq zərbələri ilə qəsdən öldürülməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
Hazırda Sahib Mahmudovun qətlə yetirilməsində təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, eləcə də iş üzrə əhəmiyyət kəsb edən sübutların əldə edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.