Dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində məlum olub ki, 19 nəfər zərərçəkmişə dəyən ziyan ödənməyib.
Məhkəmədə çıxış edən Tərlan Bağırova hakimdən sonuncu dəfə onlara şans verməsini istəyib. O bildirib ki, zərərin ödənilməsi istiqamətində iş görürlər: "Həm mənim ailəm, həm də Aləmzarın qardaşı zərəri ödəmək üçün çalışır. 19 nəfərin də pulunu verəcəyik. Bizə sonuncu dəfə bir az da vaxt verməyinizi xahiş edirik".
Məhkəmə aprelin 15-də davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.
Məlumata görə, T.Bağırova və müdir müavini A.Əliyeva “Şamaxinka” adlanan ərazidə yeni açılacaq uşaq bağçasına onlardan işə qəbul edəcəklərinə dair söz verərək pul alıb.
T.Bağırova və A.Əliyeva işə düzəldəcəyi qadınlara iki gündən sonra səliqəli geyimdə bağçanın açılışına gəlmələrini deyib. Bir neçə qadın da deyilən vaxt həmin ünvana gəlib. Lakin məlum olub ki, uşaq bağçası kimi təmir edilən obyektdə şəkillər və reklam lövhələri sökülüb.
Daha sonra zərərçəkmişlər hüquq-mühafizə orqanlarına şikayət edib. Cinayət işində 19 zərərçəkmiş var.
Həbs edilən Aləmzar Əliyeva həbs edilmədən əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində işləyib.
//Lent.az