Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda liftin düşməsi nəticəsində xadimənin ölməsinə görə həbs edilən “Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin sədri Soltanməcid Əzizov və Çingiz Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, S.Əzizov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Ev dustaqlığında olan Ç.Şıxəliyev barəsində isə azadlığın məhdudlaşdırılması ilə bağlı cəza təyin edilib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, ötən il oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 10 mərtəbəli yaşayış binasında S.Əzizovun texniki təhlükəsizlik qaydalarına əməl etmədən verdiyi göstərişi əsasında lift təmir edilərkən kabinanın 9-cu mərtəbədən şaxtada təmizlik işləri aparan Mahirə Yusifovanın üstünə düşməsi nəticəsində sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
S.Əzizov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Daha sonra Ç.Şıxəliyev də saxlanılıb.
İstintaq orqanları tərəfindən onların barəsində Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi irəli sürülüb.
//oxu.az