Azərbaycanda elə cinayət hadisələri baş verib ki, onlar böyük səs-küyə səbəb olub, cinayətin detalları isə insanın qanını donduran tipdən olub.
Median.Az ölkə.az-a istinadən bu gün oxuculara baş verən ən səs-küylü cinayət hadisələrini təqdim edir.
Oğlunu öldürdüb gəlini ilə eşq yaşayan ata - 13 il 8 aydan sonra üstü açılan cinayət.
Dəhşətli cinayət hadisəsi Quba rayonunda baş verib.
İbtidai araşdırma zamanı məlum olub ki, Həsrət Əliyev 2001-ci il sentyabrın 20-də Quba RPŞ-yə ərizə ilə müraciət edərək, 1970-ci il təvəllüdlü oğlu Elman Əliyevin ayın 19-dan evdən xəbərsiz Rusiya Federasiyasına getməsi və hal-hazıra kimi ondan bir xəbər olmamasını bildirib.
Toplanmış sübutlardan görünüb ki, cinayət hadisəsi üstündən 13 il 8 aydan artıq müddət keçdikdən sonra açılıb. Bu müddət ərzində mərhum Elman Əliyevin qohumları və həmkəndliləri onun Rusiyaya getdiyini və ailə üzvləri ilə əlaqə saxlamadığını zənn ediblər.
İstintaqla müəyyən edilib ki, Həsrət Əliyev arvadı Minafər, oğlu Elman, gəlini Yeganə Ərəbova və azyaşlı nəvəsi Ravidlə birlikdə Hacıqayıb kəndində yaşayıblar. 2001-ci ilin iyul ayından etbarən, gəlinindən qadın kimi xoşu gələn qayınata ona olan intim hisslərini nümayiş etdirməyə başlayıb.
Oğlu Elman onun bu davranışından, hamilə vəziyyətdə olan Yeganəyə əxlaqsız niyyətlə yanaşmasından şübhələnərək, sonuncudan atasına qulluq göstərməməyi, onunla təklikdə qalmamağı tələb edib. Buna görə arvadı ilə də münasibəti pisləşib, iş o yerə çatıb ki, Elman Yeganəni evdən qovmaq istəyib.
Özünə yaxın bildiyi Ərəbovanın çıxıb gedəcəyi təqdirdə, onunla yaxın münasibət yarada bilməyəcəyi qənaətinə gələn, həmçinin övlad kimi Elmanın ona hörmətsizlik etməsindən əsəbləşən Həsrət Əliyev 2001-ci il sentyabrın 18-də gəlininə olan hisslərini bir daha açıqlayaraq, onunla birlikdə yaşamağı təklif edib, Yeganə və uşaqlarına himayədarlıq edəcəyini və əmlakını onun üçün saxlayacağını vəd edib.
O, oğlunu öldürmə niyyətində olduğunu, Elmanı öldürdükdən sonra onun Rusiyaya getməsi barədə yalan məlumat yaymaqla, geyim paltarlarını və adına olan rəsmi sənədləri yandırıb, məhv edilməsi barədə Ərəbova ilə razılığa gəlib.
Sentyabrın 19-da digər ailə üzvləri evdə olmadığı zaman Elman Əliyevi öldürmək qərarına gəliblər. Bu məqsədlə Həsrət Əliyev saat 24 radələrində evin həyətində olan baltanı əlinə alıb, arxasında gizlədərək yaşadıqları evin 1-ci mərtəbəsinə daxil olub və oğlunu səsləyib.
Elman 2-ci mərtəbədən aşağı endikdə, o, ailələrinə məxsus alma bağına nəzarət etmək üçün ora getməyi tapşırıb, lakin sonuncu atasının tapşırığına növbəti dəfə əməl etməyərək, gecə vaxtı bağa getməkdən imtina edib.
Elman sözünü deyib, dönüb oradan uzaqlaşarkən Həsrət Əliyev arxasında gizlətdiyi baltanın küt hissəsi ilə onun ənsə və gicgah nahiyələrindən ardıcıl zərbələr vuraraq, sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirib.
Elman Əliyev üzü üstə yerə yıxıldıqdan sonra balta ilə onun kürəyindən də zərbələr endirib. Sonra oğlunu arxası üstə çevirən ata cəkiclə onun qabırğalarına bir neçə zərbə vurub.
Törətdiyi cinayətin izini gizlətmək məqsədi ilə, aralarında olan razılığa əsasən, Yeganə ərinin əynindəki paltarları çıxardaraq meyidi bükmək üçün mələfə gətirib.
Paltarları, ayaqqabılarını və pasportunu həyətdə ocaq qalayıb, yandırmaqla qəsdən məhv edib. Daha sonra onlar meyidi ağ mələfəyə bükərək, üstünü sintetik materialdan olan iplərlə bağlayıblar və köməkləşib, birgə cəsədi evin arxasına aparıblar. Orada onu ayaqyolunun çalasına atıb, üstünü torpaq və ağac parçaları ilə doldurmaqla, Elman Əliyevi qəsdən öldürüblər.
Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Həsrət Əliyev 14, Yeganə Ərəbova 13 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.
63 yaşlı ata arvadını və 4 qızını öldürdü.
Hadisə 2014-cü ildə Salyan rayonunda "Zavod" məhəlləsi adlanan ərazidə baş verib.
Rayon sakini 63 yaşlı Fərhad Əliyev arvadı Mehparə Əliyeva və qızları Rəqibə, Sevda, İradə və Ümidəni əvvəlcə dəmir parçası ilə döyərək öldürüb, sonra bir-bir boğazlarını kəsib. Qətliamı törətdikdən sonra o, meyitləri yaşadıqları evin yataq otağının altında, zirzəmidə təxminən 1 metr dərinlikdə quyu qazaraq yan-yana, üzü qibləyə düzüb. Qatil meyitlərin üstünü köhnə odeyalla örtüb və torpaqlayıb, daha sonra həmin evdə oğlu ilə birlikdə yaşamaqda davam edib. Qətldə ona oğlu Fəqan Əliyev də köməklik edib. Qatil ata dindirmə zamanı arvadını və qızlarını "onu saymadıqları üçün" öldürdüyünü deyib: "Onlar məni ailə başçısı kimi saymırdılar, hörmət etmirdilər və baxmırdılar. Bu səbəbdən öldürdüm".
Məhkəmənin hökmü ilə ata və oğul ömürlük azadlıqdan məhrum ediliblər.
Arvadını ögey qardaşına qısqanıb balta ilə öldürüb başını kəsdi.
Hadisə 2017-ci ilin may ayında Qubada baş verib. Rayonun Güləzi kəndində yaşayan Murad Ələsgərov arvadı Ulduzu ögey qardaşına qısqanaraq 5 dəfə balta ilə vurub, sonra isə başını kəsib.
Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını baltalayıb sonra başını kəsərək öldürməkdə təqsirləndirilən 31 yaşlı Murad Ələsgərov ifadəsi zamanı ögey qardaşı Şeyda ilə Ulduzu bir neçə gün izlədiyini deyib: "Onları güdmək üçün guya küçəyə getdiyimi dedim, evin arxasından keçib samanlığa girdim. Eşitdim ki, Şeyda Ulduza nəsə dedi. Sonra ikisi də həyətə çıxdı, pəncərədən baxıb gördüm ki, Ulduz tövlənin arxasına getdi. Şeydanın harda olduğunu bilmək üçün çölə çıxdım. O məni görüb tutuldu, tez küçəyə tərəf getdi.
Bir gün sonra yenə işləmək adı ilə evdən çıxdım. Şeyda da arxamca küçəyə gəldi, onu aldatmaq üçün dağa tərəf gedib başqa yolla qonşunun həyətində ağaca çıxdım, oradan həyətimizi izlədim. Heç birini həyətdə görmədim, evə qaçdım. Şeyda balkonda dayanmışdı, Ulduz da taxtın üstündə halsız uzanmışdı.
Səhəri gecə tövlənin üstünə çıxıb oradan arvadımı güddüm. Şeyda tövlənin qabağına gəlib orada dayandı. Ulduz da bu toyuq hinindən çıxırdı. Şeyda onu yanına çağırdı. Amma Ulduz süd vedrəsini götürüb evə getdi. Mən də evə gedib Şeydanın ona nə dediyini soruşdum. O isə eşitmədiyini dedi. Dedim ki, Quran gətirəcəyəm, özünü yığışdır, yoxsa səni öldürərəm".
Bundan sonra Murad Ələsgərov arvadı Ulduzu öldürmək üçün qəti qərar verir və sübh tezdən inək sağan arvadına arxadan yaxınlaşaraq baltayla zərbələr vurub. Arvadının öldüyünü görən Murad daha sonra qadının başını kəsib.
Məhkəmənin hökmü ilə Murad ələsgərov 18 il azadlıqdan məhrum edilib.
İki yaş böyük bacısına 22 bıçaq vurub, sonra başını kəsdi.
Hadisə 2014-cü ilin oktyabr ayında Paytaxtın Xətai rayonunda baş verib. 1993-cü il təvəllüdlü Günel Nuriyeva yaşadığı Xudu Məmmədov küçəsi-18 ünvanında özündən iki yaş kiçik olan bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirilib. Pərvanə Nuriyeva mübahisə zəminində bacısı Günel Nuriyevaya 22 bıçaq zərbəsi vurub və daha sonra başını kəsib. Məlumata görə, Nuriyevaların anası oktyabrın 21-də Şəkidən Bakıya gəlib. Ana qızlarının kirayə yaşadığı evdə olan zaman mübahisə yaranıb.Pərvanə Nuriyeva kiçik bacısından anasına şikayət edib. O, anasına deyib ki, bacısı bədxərclik edir və çox pul xərcləyir. Şikayətdən sonra qadın Pərvanə Nuriyevanı tənbeh edib. Pərvanə də bacısının hərəkətlərindən əsəbləşib.
Oktyabrın 22-də Pərvanə anasını yola salmaq üçün Bakı Avtovağzalına aparıb. Anasını Şəkiyə yola salan Pərvanə bacısından qisas almaq qərarına gəlib. Evə daxil olan Pərvanə Günellə mübahisə edib. Mübahisə zamanı Pərvanə Nuriyeva bacısına 22 bıçaq zərbəsi vurub və daha sonra başını kəsib.
Məhkəmənin hökmü ilə Pərvanə Muriyeva müalicə edilməsi üçün Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.
Ona siqaret verməyən bacısını balta ilə dograyıb torbalara yığıdı.
İttihama görə,hadisə 2009-cu il dekabrın 3-də Bakının Yasamal rayonu, H.Zərdabi küçəsindəki 73 nömrəli evdə yaşayan, 1969-cu il təvəllüdlü ruhi xəstə Laura Bahadır qızı Qasımova özündən böyük bacısı Nərgiz Qasımovanın başını balta ilə kəsib. Sonra isə onu doğrayaraq torbaya doldurub və zibilliyə atıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin L.Qasımova tərəfindən törədildiyini müəyyənləşdirib. O, ilkin istintaq zamanı ifadəsində hadisəni siqaret üstündə törətdiyini etiraf edib.
L.Qasımova bacısından siqaret istəyib. N.Qasımova siqaret vermədiyinə görə bacısı onu öldürüb. Məhməkənin hökmü ilə Laura Qasımova 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına göndərilib.