Paytaxtın Nizami rayonu ərazisində törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, martın 3-də saat 03:50 radələrində Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi 35 saylı binanın qarşısında paytaxt sakini, 1964-cü il təvəllüdlü Nəsirov Fərzalı İdris oğlunun üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər olan meyiti tapılıb.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qazıyev Adil Sabir oğlu tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.