Şəmkir rayonunda sevdiyi qıza görə ağır cinayət törətməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Sadiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, Şəmkir rayonunun Qaracəmirli kənd sakini Sadiq Məmmədov həmyerlisi Ramiz Rzayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) sevdiyi qız Samirənin fotolarını sosial şəbəkədə yaydığını bilib.
Qızın fotoları sosial şəbəkədə
Bu səbəbdən Sadiq Ramiz ilə bu məsələni həll etmək üçün görüşə çağırıb. Gənclər görüşlərini Qaracəmirli kəndindən kənarda yerləşən çöllük sahəyə təyin ediblər.
Ramiz Rzayev Sadiqin çağırışı ilə 6 iyul 2017-ci il tarixdə, saat 21 radələrində sonuncunun evindən 80 metr aralıqda yerləşən çöllük sahəyə gəlib.
Çöllük sahədə qız davası
Orada Sadiq Ramizdən "Whatsapp" sosial şəbəkəsi vasitəsi ilə sevdiyi qızın fotolarının paylaşmasının səbəbini soruşub. Bu zaman Ramiz də həmin qızı sevdiyini, bu səbəbdən həmin şəkili sosial şəbəkədə yerləşdirdiyini deyib.
Buna görə onların aralarında mübahisə yaranıb. Mübahisə zamanı Sadiq əvvəlcədən özü ilə götürdüyü bıçaqla Ramizin bədənini müxtəlif nahiyələrinə zərbələr vurub.
Bıçaqladı və meşədə gizləndi
Cinayəti törədən Sadiq daha sonra hadisə yerindən qaçıb. Ramiz isə orada yaxınlarına xəbər edib. Onu yaxınları vaxtında xəstəxanaya çatdırdıqları üçün həyatlarını xilas etmək mümkün olub.
Cinayəti törədən Sadiq Məmmədov isə həmin kəndin meşəlik sahəsində bir neçə gün gizlənə bilib. Bir neçə gün sonra isə o, polis əməkdaşları tərəfindən yaxalanıb.
1 il cəza
İstintaq orqanı tərəfindən Sadiq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sadiq Məmmədov 1 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib.
Prokurordan şikayət cavabsiz qaldı
Prokuror şikayətində təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Prokurorun protesti Gəncə Apelyasiya Məhkəməsində araşdırılıb və təmin olunmayıb.
Bu qərardan narazı qalan Sadiq Məmmədov kasasiya şikayəti verib. Prokuror ağırlaşdırıcı hallarla bağlı apelyasiya instansiyasının qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılmasını istəyib.
Sadiq Məmmədovun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Kasasiya protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, kasasiya protesti təmin edilməyib. (publika.az)