Adı “Qırmızı kitab”a düşmüş quş və qanunsuz balıq ovu ilə məşğul olan bir neçə brakonyer yaxalanıb.
Su Nəqliyyatında Polis İdarəsinin məlumatına görə, keçirilən əməliyyat zamanı saxlanılan şəxslərdən biri Saatlı şəhər Babək küçəsində yaşayan Nizam Əliyevdir.
Qanunsuz balıq ovu ilə məşğul olarkən saxlanılan şəxsdən 43 ədəd durna balığı, 24 ədəd daban balığı, 1 ədəd akkumulyator, 1 ədəd elektrik artırma cihazı (balıq ovlama ləvazimatı), 1 ədəd fənər, 1 ədəd rezin qayıq və digər əşyalar götürülərək Su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb.
Digər reyd zamanı qanunsuz ov etdiyinə görə Saatlı rayonu Soltanabad kənd sakini Şəhriyar Əsgərov adlı şəxs saxlanılıb.
Saxlanılan şəxsdən baxış zamanı “Qırmızı kitab”a düşmüş iki ədəd bərzək quşu, bir ədəd ov silahı və bir ədəd patron götürülüb.
Keçirilən əməliyyat zamanı saxlanılan digər şəxs Tovuz rayonunun Girzan kənd sakini 1987-ci il təvəllüdlü Məmmədov Qələndər Yusif oğludur.
Qeyd olunan şəxs kustar üsulla (gərginlik artıran cihazla) qanunsuz olaraq balıq ovlayarkən saxlanılıb.
Qələndər Məmmədovdan 110 ədəd qara balıq götürülüb. Qanunsuz balıq ovlayarkən saxlanılan şəxs etiraf edib ki, su polislərinin gəldiyini görüb “domça” adlandırılan balıqovlama vasitəsini suya atıb.
Su Polisinin reyddə iştirak edən əməkdaşları saxlanılan şəxsin 6 ay əvvəl də qanunsuz balıq tutma səbəbindən saxlanıldığını bildirib.