Şirvanda qətlə yetirilən Rəşad Fətullayev Bakı Dövlət Universitetində birinci kursda təhsil alıb.
Bu barədə BDU-dan məlumat verilib.
Bildirilib ki, Rəşad Fətullayev universitetin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi olub. O, semestr tətili olduğu üçün rayona gedib.
Hadisənin zarafat üstündə olduğu iddia olunur. Məlumata görə, Rəşad Fətullayev atasının mağazasının qarşısında A.Adıgözəlovla zarafatlaşıb. Daha sonra mübahisə yaranıb. A.Adıgözəlov onu bıçaqlayıb.
* * * * *
Fevralın 12-də, saat 20:00 radələrində Şirvan şəhəri ərazisində şəhər sakini Rəşad Fətullayevi bıçaqlayan şəxs tutulub.
DİN mətbuat xidmətindən verilən məlumata görə, Rəşad Fətullayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda vəfat edib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, şəhər ərazisində kirayədə yaşayan Sabirabad rayon sakini A.Adıgözəlov saxlanılıb.
Qeyd edək ki, R.Fətullayev Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin birinci kurs tələbəsi olub.