Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Eldar Məmmədovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, ittiham aktına əsasən, Mərkəz Quliyev işləmək üçün Rusiyaya gedərkən, Bakıda özü üçün mənzil alıb, lakin onu yeznəsi Eldar Məmmədovun adına rəsmiləşdirib. Hadisədən bir müddət əvvəl Quliyev Azərbaycana qayıdıb və qohumundan evi, onun adına keçirməsini xahiş edib. Buna görə aralarında mübahisə yaranıb, iş rayon məhkəməsinə verilib.
Məhkəmənin inzibati binasının qarşısında Eldar Məmmədov əvvəlcədən özü ilə götürdüyü çəkiclə arxadan Mərkəz Quliyevin başından zərbə endirib. Sonuncu huşunu itirib, yerə yıxıldığda ardınca ona daha 9 zərbə endirib. Xəstəxanaya yerləşdirilən zərərçəkmiş orada ölüb.
Məhkəmənin hökmü ilə təqsirləndilən şəxs 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.