Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə əldə edilmiş 5,5 milyard manat pulu leqallaşdırmaqda təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin məhkəməsi başlayıb.
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Proses fevralın 6-da davam etdiriləcək.
M.Əliyev 2017-ci ildə 1,7 milyard manat pulu leqallaşdırmaqda ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını 9 saylı cəzaçəkmə müəssisində çəkir.
R.Vəliyev isə istintaqdan yayındığı üçün 2015-ci ilin dekabr ayından "İnterpol" vasitəsilə axtarışa verilib.
İttihama görə, "Royalbank"ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. M.Əliyev onu "AGbank"ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb. Rüfət Vəliyev görüşdə özünü "Provision Group", "İmpeks+", "Blast", "Qalaksi A", "Asin Co. LTD", "Primo A" və "İTEK" MMC-lərin direktoru kimi təqdim edib. O, guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələrinin olacağını bildirib və bunun üçün bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib. Azər Mövsümov onlar üçün "AGbank"ın Xətai filialında otaq ayırıb.
Malik Əliyev "Royalbank"da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib. Rüfət Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları Vidadi Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb, ardıyca xarici valyutaya konversiya edilərək xarici ölkələrin banklarındakı hesablara köçürülüb. Ü.Nəbiyev və A.Əsgərova Rüfət Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği komputer vasitəsilə yazaraq çap edib Malik Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib.
Bu qayda ilə M.Əliyev "Privion Group" MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, "İmpeks+" MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, "Blast" MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, "Qalaksi A" MMC vasitəsilə 115 milyon manat, "Asin Co. LTD" vasitəsilə 79 milyon manat, "Primo A" MMC vasitəsilə 213,5 milyon manat, "İTEK" MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konversiya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.
Digər təqsirləndirilən Rüfət Vəliyev də oxşar əməllərlə cinayət yolu ilə əldə edilmiş 3 milyard manat pulu leqallaşdırıb.