Bakı Ağır Cinayətlər Məhkəməsində Sənubər Lütfəliyevanın (1959-cu il təv.) CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, ötən il avqustun 28-də Nəsimi RPİ Narkotiklərlə Mübarizə şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş İmran İsgəndərov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman iki büküm heroin və psixotrop maddə aşkar olunub.
Saxlanılan şəxs heroini “Kubinka” adlanan ərazidə, narkotik vasitələrin satışı ilə məşğul olan “bibi” ləqəbli qadından aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq polis əməkdaşları tərəfindən Sənubər Lütfəliyeva saxlanılıb. Onun üzərinə baxış zamanı 14,275 qram olan 43 büküm heroin aşkar edilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.