Median.Az xəbər verir ki, DIN Baş Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ 18-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində, avqustun 9-da rayon ərazisindəki evlərin birindən 520 manat və 3000 rubl pul, habelə mobil telefon oğurlayan Göyçay rayon sakini Misir Həmidov saxlanılıb.
Bundan başqa, Binəqədi RPİ 5-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avqustun 23-də rayon ərazisindəki evlərin birindən məişət əşyaları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məzahir Qurbanovu saxlayıblar. Araşdırma zamanı, onun daha
3 evdən pul və qızıl zinət əşyaları oğurlaması müəyyən edilib.
Suraxanı RPİ 30-cu polis bölməsinin əməkdaşları tərəfindən avqustun 14-də Hövsan qəsəbəsində, evlərdən birinin həyətindən mobil telefon oğurlayan Ağcabədi rayon sakini Bəhruz Qəhrəmanov saxlanılıb. Araşdırma zamanı onun mayın 21-də daha bir evdən təmir-tikinti alətləri oğurlaması məlum olub.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.