Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, baş leytenant Nicat Əliyev dörd il azadlıqdan məhrum edilib. Martın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında hökm çıxarılıb.
Median.Az gununsesi.info-ya istinadən xəbər verir ki, baş leytenant oğurluqda təqsirləndirilir. 27 yaşlı Nicat Əliyev Bakıdakı bir çox evlərdən, obyektlərdən oğurluq ittihamı ilə məhkəmə qarşısına daha beş nəfərlə birlikdə çıxarılıb. Digər təqsirləndirilən şəxslərdən Orxan Quliyev 5 il, Təhməz Əsgərov, Rişan Bayramov və Camal Heydərovun hər biri 4 il, Cavid İsazadə isə 1 il 6 ay azadlıqdan məhrum edilib. Cavid İsazadə oğurluqda yox, qarət olunmuş əşyaları almaqda təqsirləndirilir. O, istintaq və məhkəmə dövründə ev dustaqlığında olub. Martın 5-də hökmün elanından sonra məhkəmə zalında həbs edilib.
Təqsirləndirilənlər arasında FHN əməkdaşı olduğu kimi, zərərçəkmişlər arasında da dövlət qulluqçuları var. Məsələn, evindən 215 manatlıq bijuteriya və 200 manat pul oğurlanmış Vüqar Əliyev Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsində bölmə rəisidir.
Həyət evindən 17 min 526 manatlıq qızıl oğurlanmış Mərahim Ələkbərov "Azəravtoyol” ASC-nin Beynəlxalq əlaqələr şöbəsində mütəxəssis, mənzilindən 2 min 500 manat dəyərində məişət avadanlıqları qarət olunmuş Mübariz Qəhrəmanov isə "Tirmə” firmasının direktorudur. Heydər Əliyev adına liseydə ingilis dilini tədris edən Ayna Sadıqovanın evindən 21 min 343 manatlıq, "Azəriqazbank”ın əməkdaşı Azad Əliyevin evindən isə 12 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.
Təqsirləndirilən baş leytenant istintaqa ifadəsində özünü qismən təqsirli bilib. Müəyyən oğurluq epizodlarında iştirakını təsdiqləsə də, oğurlanmış pulun miqdarı və əşyaların dəyəri məsələsində razılaşmır. Onun sözlərinə görə, pulların məbləği və əşyaların dəyəri çox şişirdilib.