Bakının Binəqədi rayonunda 20 nəfər arasında kütləvi dava baş verib.
Median.Az Report-a istinadən xəbər verir ki, hadisəyə Xocahəsən qəsəbəsindəki yaşayış evlərinin birindən qonşunun həyətinə su axması səbəb olub.
Davada xəsarət alan şəxslər qonşuları tərəfindən döyüldüklərini bildiriblər.
Onların dediklərinə görə, fərdi yaşayış evində kirayə qalan 25 yaşlı Səfər Səfərov öz ad gününü qeyd etmək üçün bacılarını öz evinə qonaq çağırıb.
Qonaqlıq zamanı qonşuluqda yaşayan yaşlı kişi S.Səfərovgilə gələrək bildirib ki, onun həyətindəki çən su buraxır və nəticədə həmin su onların həyətinə axır.
S.Səfərov problemi həll edəcəyinə söz versə də, qonşusunun kobud davranışı ilə üzləşib.
Daha sonra adı hazırda məlum olmayan həmin yaşlı şəxs ətrafına təqribən 15-20 nəfər yığaraq S.Səfərovun yaşadığı evə gəlib və tərəflər arasında dava düşüb. Kütləvi dava zamanı evdə qonaq olan Türkiyə vətəndaşı Səlçuk Yoldəmir, altı aylıq hamilə olan Sevinc Yoldəmir və S.Səfərov döyülərək müxtəlif bədən xəsarətləri alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Zərərçəkənlərdən Türkiyə vətəndaşı S.Yoldəmir hadisə ilə bağlı mənsub olduğu ölkənin səfirliyinə məlumat verib.
Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən iki nəfəri saxlayıblar.