Tələbəni öldürməkdə ittiham edilən şəxslər hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəşad Həsənov və Aftandil Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Hadisə ötən il Bakının Nəsimi rayonunda baş verib. Memarlıq və İnşaat Universitetinin tələbəsi Samir Mehdiyevin zorakılıq əlamətləri olan meyiti aşkar edilib.
Əvvəlcə tələbənin qətlə yetirildiyi deyilsə də, sonra onun avtomobillə vurulması barədə məlumat yayılmışdı.
Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdı
Amma Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanları ilə həmin ərazidə heç bir yol-nəqliyyat hadisəsinin baş vermədiyi müəyyən edilib.
Daha sonra istintaq orqanı yenə də qətl hadisəsi ilə bağlı araşdırma aparıb. 22-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Samir Mehdiyevi qətlə yetirənlər müəyyən edilib.
Qətli törədən Bakı şəhər sakini Rəşad Həsənov və Ağstafa rayon sakini Aftandil Məmmədov həbs edilib. Bildirilir ki, tələbəni öldürən şübhəli şəxslərin hər ikisi əvvəllər məhkumluq həyatı yaşayıb.
Təhlükəsizlik kameraları ilə üzə çıxıb ki, həmin ərazidə 3 nəfər arasında dava-dalaş olub, onlar bir nəfəri döyüblər.
Samir Mehdiyev həmin ərazidə tikinti şirkətlərindən birinin tikdirdiyi binada gözətçi işləyib. Gecə saatlarında Rəşad Həsənov və Aftandil Məmmədov həmin ərazidən tikinti materialları oğurlamaq istəyiblər. Amma Samir Mehdiyev onların oğurluğunun qarşısını almaq istəyib. Onların arasında mübahisə yaranıb və oğrular Samir Mehdiyevi döyərək öldürüblər.
Bundan sonra Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi davam etdirilib.//Musavat.com