Bakıda avtoxuliqanlıq edən “NAZ Lifan” markalı avtomobilin saxlanma əməliyyatının görüntüləri yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a bildirib ki, saxlanma əməliyyatında 23 yol polisi avtomobili yox, üç patrul avtomobili iştirak edib.
“NAZ Lifan” markalı, “90 UR 366” dövlət nömrə nişanlı avtomobil 09.12.1985-ci il təvəllüdlü, Suraxanı qəsəbəsində qeydiyyatda olan Ağasıyev Ramin Niyazi oğlu tərəfindən sürücülük vəsiqəsi olmadan, üç dostu ilə birgə Bakı şəhər ərazisində dövlət nömrə nişanı olmadan idarə edildiyi üçün Neftçilər prospektində saxlama işarəsi verilib. Lakin avtomobilin sürücüsü “Saxla” əmrinə tabe olmayıb. Sürücü avtomobili olduqca təhlükəli və sürətlə idarə etdiyini üçün yol polisi avtomobili onu yaxından təqib etməyib.
“Təhlükəli və sürətlə avtomobil idarə etdiyini, hərəkət iştirakçılarına real təhlükə yaratdığını görüb həmin avtomobil şəhərin mərkəzi küçəsindən kənar istiqamətə, yəni Nobel prospektinə məqsədli olaraq yönəldilib, bu prospektdə süni sıxlıq yaradaraq sürücü və sərnişinlərlə birgə saxlanılıb. Sürücü qaçmağa cəhd göstərib, lakin yol polisinin sayıqlığı nəticəsində saxlanılıb”.
V.Əsədov bildirib ki, peşəsi rəngsaz olan sürücü barəsində məhkəmənin qərarı ilə 30 sutka həbs verilib:
“Araşdırma zamanı məlum olub ki, “NAZ Lifan” markalı, “90 UR 366” dövlət nömrə nişanlı avtomobil dövlət tərəfində əlilə verilib. Avtomobil sahibi də maşını idarə etmək üçün sürücülük vəsiqəsi olmayan şəxsə verib. Nəticədə belə mənzərə yaranıb”.
Hadisə ilə əlaqədar görüntüləri təqdim edirik: