Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Şıxlinskayanın klinikasının mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən sabiq baş mühasibi Şəhla Abbasova və klinikanın əməkdaşları - Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayeva və Polad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Ölkə.Az”-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda şahidlər dindirilib. Namiq Mustafayev ifadəsində bildirib ki, Neftçilər xəstəxanasında göz həkimi işləyir. O, Leyla Şıxlınskaya klinikası ilə də əməkdaşlıq etdiyini, əməliyyat etdikdən bir həftədən sonra kassadan pulu aldığını deyib:" Hər əməliyyatın qiyməti var. Məndə əmək haqqı kartı olmayıb. Təxminən ayda 7-8 min manat pul almışam".
Təqsirləndirilən Ş. Abbasova da onun dediklərini təsdiq edib. Deyib ki, rəsmi sənədlərdə həmin şəxsin 180 manat əmək haqqı aldığı qeyd edilib:"Bizdən kart sisteminə keçməyi tələb etmişdilər. Biz də bütün işçilərin adına əmək haqqı kartı açmışdıq. Lakin orada maaş az göstərilirdi".
Şahid Pərviz Səmədov isə uşaq cərrahı olduğunu deyib. Bildirib ki, əmək haqqı kartı olmayıb və aylıq maaş alıb.
Şahid Nuriyyə Qədirova isə klinikada ginekoloq kimi çalışdığını deyib:"Mən həmişə maaşımı vaxtında almışam. Mənim əmək haqqı kartım olmayıb. Lakin pulumu həmişə vaxtında almışam".
İlqar Həsənov isə klinikada mühafizənin rəisi işlədiyini,istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini deyib. Bildirib ki, Nuri Nuriyev adlı şəxs bir gün işdən sonra klinikaya gələrək mühasibatlıq otağına gedib:"Biz də bu haqda baş mühasibə dedik. Bundan iki gün sonra məni adı mühafizəçi işinə təyin etmək istədilər. Mən də buna razı olmadım və ərizəmi yazıb işdən çıxdım".
Təqsirləndirilən Ş. Abbasova isə deyib ki, N. Nuriyev onlarda kompüterlə bağlı işləri görən şəxs olub.
Nuru Nuriyev isə ifadəsində deyib ki, İT sahəsində çalışır. O, işdən sonra həmin otağa getdiyini təsdiq edib:"Məndən Leyla xanım xahiş etmişdi ki, sənədləri kopyalayım. Həmin vaxt audit yoxlama gəlmişdi. Mən də onun dediyini etdim. Həmin otağın açarını Leyla xanım vermişdi. Mən məlumatları aparıb ona verdim və bu haqda heç kimə demədim".
Ş. Abbasova deyib ki, N. Nuriyev həmin görüntüləri kameradan sonradan silib.
Proses yanvarın 30-da davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir. Klinikanın fəaliyyəti ilə bağlı açılan cinayət işi ilə bağlı məlum olur ki, adı çəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.
Leyla Şıxlinskaya mətbuata bu işdə heç bir günahının olmadığını bildirib: “Onlar əvvəl mənim pulumu kəsdilər. Klinikadan mənə pul çatmırdı. 700 min manatdan çox vəsaiti ələ keçiriblər və istintaq da bunu sübuta yetirib”.